TƏNƏFFÜS ORQANLARI

Hər bir canlı kimi insan da daim nəfəs alır.

Hər bir canlı kimi insan da daim nəfəs alır. Orqanizmdə tənəffüsə xidmət edən orqanlar sistemi aşağıdakılardan ibarətdir: burun boşluğu, qırtlaq, traxeya (nəfəs borusu), bronxlar, ağciyərlər. Tənəffüs yolları yuxarı və aşağı olmaqla iki yerə bölünür. Yuxarı tənəffüs yolları burun boşluğundan, udlağın burun hissəsindən təşkil olunmuşdur. Aşağı tənəffüs yollarına qırtlaq, nəfəs borusu və bronxlar aiddir.

Tənəffüs orqanları üçün səciyyəvi xüsusiyyətlərdən biri də budur ki, onların bəzilərinin divarlarındakı hialin qığırdaq toxuması həmin orqanların boşluğunun sıxılmasını məhdudlaşdırır. Tənəffüs yollarının selikli qişası çoxsıralı kirpikli silindrik epitellə örtülmüşdür. Bu toxuma nəfəsalma zamanı havanı toz hissəciklərindən təmizləyir.


Nəfəsalma zamanı hava burun boşluğundan udlağa, oradan qırtlaq vasitəsilə nəfəs borusuna keçir. Nəfəs borusundan hava bronxlar vasitəsilə ağciyərlərə, oradan da alveollara daxil olur. Ağciyər alveollarına dolan hava ilə alveol divarının kapillyarlarında cərəyan edən qan arasında qazlar mübadiləsi baş verir. Havadan oksigen qana, qandan karbon qazı isə alveollara keçir. Nəfəsvermə zamanı karbon qazı xaricə çıxır.

Burun boşluğu tənəffüs orqanlarının başlanğıcı olub, sağ və sol hissələrə bölünür. Onun aşağı hissəsi tənəffüs, yuxarı hissəsi isə qoxu funksiyası daşıyır. Tənəffüs hissəsinin daxili epitel örtüyündə çoxlu qan kapillyarları olub, o, qırmızı rəngdə görünür. Qoxu hissəsi havadakı qaz halında olan iyli maddələrlə qıcıqlanan reseptorlarla zəngindir.


Qırtlaq boyunun ön tərəfində, dilaltı sümüyün altında yerləşir. Onun üstündə qırtlaq qapağı vardır. Nəfəs borusu 9-15 sm uzunluqda olub, qida borusunun ön tərəfi ilə aşağıya doğru enir. 16-20-yə qədər hialin qığırdaq halqa­sından ibarətdir. Halqaların ön və yan divarları qığırdaqdan, arxa divarı isə birləşdirici toxumadan əmələ gəlmişdir. Nəfəs borusu daxildən selikli qişa ilə örtülmüşdür. Selikaltı qişada çoxlu kiçik selik vəziləri vardır.
Nəfəs borusu (traxeya) iki böyük - sağ və sol bronxlara ayrılır. Onların daxili səthi kirpikli epitellə örtülüdür. Kirpiklərin hərəkəti ilə bronxlarda əmələ gələn selik qırtlağa doğru hərəkət edir.


Ağciyərlər cüt orqan olub, döş boşluğunda yerləşir. Ağciyərin zirvəsi və əsası vardır, içəri səthinin ortasından bir az yuxarıda ağciyər qapısı yerləşir. Baş bronxlar və ağciyər arteriyaları buradan ağciyərlərə daxil olur, ağciyər venaları və limfa damarları isə xaricə çıxır. Histoloji quruluşuna görə ağciyərlər mürəkkəb borulu-aleveollu vəzilərə aiddir. Böyük bronxlar ağciyərlərə daxil olduqdan sonra bronxlara və bronxiollara, sonuncular isə öz növbəsində alveol axacaqlarına bölünür. Alveol axacaqları alveol kisəciklərinə açılır.
Bronxiollar, alveol axacaqları və alveol kisəcikləri birlikdə ağciyərlərin quruluş vahidləri olub, asinus adlanır.

Bronxial sistem vəzifəcə iki hissəyə bölünür:
1. Bronx ağacı hüdudi bronxiollara qədər hava daşıyıcı funksiyanı yerinə yetirir.
2. Alveolyar aparat-bronxiollardan alveollara qədər olub, qazlar mübadiləsini həyata keçirir.

 

Ağciyərlərdə qazlar mübadiləsi alveolun ikiqatlı epitel divarı ilə kapillyar divarı arasında gedir. Alveollarda olan oksigen kapillyarlara, kapillyarlarda olan karbon qazı alveola diffuziya edir.
Hər bir ağciyər seroz qişadan əmələ gəlmiş plevra kisəsinin daxilində yerləşir. Plevra iki vərəqədən ibarətdir: visseral və parietal plevra. Visseral plevra ağciyərləri hər tərəfdən, parietal plevra isə döş boşluğunun divarlarını daxildən örtür. Bu plevra vərəqələri arasındakı yarıq (plevra boşluğu) qismən maye ilə tutulmuşdur. O, plevra vərəqələrini sürtünmədən qoruyur, ağciyərləri nəm saxlayır.

 

Ağciyərlərdə qaz mübadiləsi. Orqanizm üçün mühüm bioloji əhəmiyyətə malik olan tənəffüs sistemi bir sıra funksiyalar yerinə yetirir. Hüceyrələri oksigenlə təmin etməklə orqanizmdə gedən oksidləşmə-reduksiya proseslərinin təşkilində mühüm rol oynayır. Bunlar vasitəsilə karbon qazı və qaz vəziyyətində olan bəzi qoxulu maddələr xaric olunur. Tənəffüs yollarında ifraz olunan seliyin tərkibindəki lizosim adlı bakterisid maddə və qan kapillyarlarından seliyə keçən leykositlər xarici mühitdən tənəffüs yollarına düşən mikroorqanizmləri məhv edir. Nəfəslə alınan atmosfer havası tənəffüs yollarında toz cisimciklərindən təmizlənir və bədən temperaturunadək qızdırılır. Bundan başqa, burun boşluğunda yerləşmiş qoxubilmə orqanının reseptorları vasitəsilə qaz halında olan maddələrin qoxusu ayırd edilir.
 

Tənəffüs prosesi havanın xarici mühitdən alınmasından, yəni ağciyərlərdə qaz mübadiləsindən (xarici tənəffüs və ya ağciyərlərin ventilyasiyası), qazların qan vasitəsilə hüceyrələrə və əks istiqamətdə daşınmasından, toxumalarda qaz mübadiləsindən (daxili tənəffüs və ya toxuma tənəffüsü), eləcə də venoz qanla çatdırılan karbon qazının ağciyərlərlə orqanizmdən xaric olunmasından ibarətdir.
 

Xarici və daxili tənəffüs zamanı ağciyərlərdə və toxumalarda qaz mübadiləsi osmos və diffuziya qanunları əsasında gedir. Bu proses sinir-humoral yolla tənzim olunur.
Xarici tənəffüs. Nəfəsalma (inspirasiya) zamanı diafraqma və xarici qabırğaarası əzələlər təqəllüs edir, diafraqma yastılaşır və qabırğalar qalxır. Nəticədə döş qəfəsinin həcmi üç istiqamətdə (şaquli istiqamətdə, arxadan önə və yanlara doğru) böyüyür, daxilindəki təzyiq enərək, atmosfer təzyiqindən az, yəni mənfi olur. Bu, ağciyərlərin genişlənməsinə səbəb olur və atmosfer havası ağciyərlərə keçir.

 

Nəfəsvermə (ekspirasiya) passiv proses olub, diafraqma və tənəffüs əzələləri boşalır, döş qəfəsinin həcmi kiçilir, burada təzyiq bir qədər artır. Buna görə də ağciyərlər yığılır və hava ağciyərlərdən qovulur.
 

İnsan sakit nəfəsalmada ağciyərlərinə orta hesabla 500 kub. sm hava qəbul edir. Bu, ağciyərlərin tənəffüs həcmidir. Dərhal dərindən nəfəs alarkən ağciyərlərə daha 1500 kub sm hava daxil olur. Bu, nəfəsalmanın ehtiyat həcmidir. İnsan dərindən nəfəs verərkən ağciyərlərdən əlavə olaraq 1200 kub. sm hava qovulur. Bu, nəfəsvermənin ehtiyat həcmidir. Tənəffüs, ehtiyat nəfəsvermə, ehtiyat nəfəsalma həcmlərinin cəmi ağciyərlərin həyat tutumu adlanır. Cavan adamda ağciyərlərin həyat tutumu 4000-4200 kub sm-ə bərabərdir.
 

Ən dərin nəfəsvermədən sonra da ağciyərlərdə bir qədər hava qalır ki, buna qalıq hava deyilir. Ağciyərlərin ümumi tutumu onun həyat tutumu ilə havanın qalıq həcminin cəmindən ibarətdir.
 

Atmosfer havasının tərkibində təxminən 20,94% oksigen qazı, 0,04% karbon qazı, 79,02% azot, nəfəslə verilən havada müvafiq olaraq 16,4%, 4,1%, 79,5%, alveol havasında isə 14,5%, 5,6%, 80,5% təşkil edir.
İnsan 1 dəqiqə ərzində 16-20 dəfə tənəffüs edir.

 

Ağciyərlərdə qaz mübadiləsi qazların parsial təzyiqindən və gərginliyindən asılı olur. Parsial təzyiq qazlar qarışığında hər bir qazın payına düşən təzyiqə deyilir. Mayedə həll olmuş qazlar üçün «parsial təzyiq» əvəzinə «gərginlik» termini işlədilir. Qazlar qradiyent üzrə, yəni parsial təzyiqinin və ya gərginliyinin çox olduğu yerdən az olan yerə doğru hərəkət edir. Odur ki, oksigen alveollardan venoz qana, karbon qazı isə venoz qandan alveollara keçir.
 

Venoz qan karbon qazından azad olub, oksigenlə zənginləşir, yəni arterial qana çevrilir.
Ağciyər kapillyarlarında oksigenlə zənginləşmiş qan böyük qan dövranı ilə orqan və toxumalara çatdırılır. Kapillyarlarda oksigenin miqdarı (gərginliyi) artır, toxumadaxili və ya hüceyrəarası mühitdə bu gərginlik aşağı olduğundan, oksigen osmos və diffuziya qanunlarına əsasən həmin mühitə keçir. Orqan və toxumalarda maddələr mübadiləsi gedişində əmələ gələn karbon qazı isə hüceyrələrdən azad olur.

 

Toxuma və hüceyrəarası mayedə onun gərginliyi artır və qana keçir, böyük və kiçik qan dövranları sistemi ilə ağciyərlərə çatdırılır və burada qan karbon qazından azad olur. Deməli, ağciyərlərdə və toxumalarda qaz mübadiləsi bir-birinə əks istiqamətlərdə həyata keçirilir.
 

Tənəffüsün sinir-humoral tənzimi. Tənəffüs mərkəzi uzunsov beyində yerləşir. Bu, mürəkkəb mərkəz olub, nəfəsalma və nəfəsvermə mərkəzlərindən ibarətdir. Hər iki mərkəz arasında funksional əlaqə vardır. Belə ki, nəfəsalma mərkəzi oyandıqda nəfəsalma baş verir və nəfəsvermə mərkəzi tormozlanır və ya əksinə, nəfəsvermə zamanı həmin mərkəz oyanır, nəfəsvermə baş verir və nəfəsalma mərkəzi tormozlanır. Bu qarşılıqlı münasibət Varolio körpüsündəki pnevmotaksis mərkəzi vasitəsilə həyata keçirilir.
 

Sakit vəziyyətdə tənəffüs mərkəzinin ritmik oyanması özünütənzim rejiminə keçir. Bu, tənəffüsün avtomatizmi adlanır. Tənəffüsün avtomatizmi sinir-reflektor və sinir-humoral yollarla həyata keçir. Reflektor təsir qan damarlarının və ağciyər toxumasının reseptorlarının qıcıqlanması sayəsində yaranır. Reseptorların oyanmaları azan sinir vasitəsilə uzunsov beyinin tənəffüs mərkəzlərini növbə ilə stimulu edir.
 

Qanda karbon qazının artması damar divarının xemoreseptorlarının qıcıqlanmasına səbəb olur və nəfəsalma mərkəzini oyadır, nəfəsalma baş verir. Qanda əmələ gələn karbonat turşusunun qatılığının və deməli, karbon qazı miqdarının artması tənəffüs mərkəzini oyandıran amillərdən biridir. Bu, humoral tənzimin əsas mexanizmlərinə aiddir.
Tənəffüs iradi olaraq tənzimlənə bilir, bu zaman böyük yarımkürələr və beyin qabığı iştirak edir.

Mövzu ilə bağlı sualları Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru R. İ. Bayramov cavablandırır. 

-Hazırda dünyada və Azərbaycanda ağciyər xəstəlikləri nə dərəcədə yayılıb? Ağciyər xəstəlikləri arasinda ən geniş yayılanı hansıdır?


-Ağciyər xəstəlikləri həm dünyada, həm də Azərbaycanda tibbin aktual problemlərindən biridir. Ümumiyyətlə, bronx ağciyər xəstəlikləri 800-ə yaxın olub, 4 qrupa bölünür;1-qeyri spesifik iltihabi xəstəlikləri, 2-spesifik xəstəlikləri, 3-xoş və bəd xassəli şişləri, 4-anadangəlmə anomaliyalar və peşə xəstəlikləri. Həm dünyada, həm də Azərbaycanda bu patologiyalar içərisində bronx ağciyər aparatının iltihabi xəstəlikləri daha çox yayılmışdır.

Xüsusilə, vərəm dünyada qlobal problem olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qarşıya prioritet məsələ kimi qoyduğu 3 yoluxucu xəstəlikdən biridir. Belə ki, statistikaya görə dünya əhalisinin 1/3-i vərəm mikobakteriyaları ilə yoluxmuşdur və hər il dünyada 10 milyonadək insan vərəmlə xəstələnir ki, onların da 3 milyonu bu xəstəlikdən dünyasını dəyişir. Yəni, hər 10 saniyədən bir 1 nəfər dünyada vərəm xəstəliyindən ölür. Dünyada vərəm xəstəliyinin yayılma göstəricilərinə nəzər saldıqda onu da qeyd etmək lazımdır ki, bu rəqəmlər daha çox inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrin hesabınadır. 

- Azərbaycanda vərəm xəstəliyi ilə bağlı vəziyyət necədir? Bu xəstəlik hansı hallarda müalicəyə tabe olmur?


- Qeyd etmək lazımdır ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da vərəmə görə statistik rəqəmlər reallığı tam əks etdirmir. Çünki bu xəstələrin bir qrupu vərəm əleyhinə müəssisələrdə dispanser qeydiyyata düşmədən, anonim müalicəyə üstünlük verirlər ki, ətrafdakılar, qohum və tanışları onun vərəm xəstəsi olmasını bilməsinlər.

 

Artıq bir neçə ildir ki, bu halların qarşısını almaq məqsədilə vərəm əleyhinə preparatların apteklərdə satışı qadağan olunub. Ümumiyyətlə Azərbaycanda hal-hazırda vərəmlə mübarızə tədbirlərini qənaətbəxş hesab etmək olar. Belə ki, Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrası və Elmi-Tədqiqat Ağciyər xəstəlikləri institutu başda olmaqla Respublikamızın paytaxtı və ayrı-ayrı rayonlarında yerləşən vərəm əleyhinə dispanserlərdə yüksək ixtisaslı kadrlar əhaliyə keyfiyyətli ftiziatrik xidmət göstərir. Dövlətin də bu xəstələrə qarşı xüsusi diqqət və qayğısı var.

Bunun bariz göstəricisi kimi onu qeyd edə bilərəm ki, hazırda Azərbaycanda vərəm əleyhinə dispanserlər keyfiyyətli təmir olunaraq yeni və müasir tibbi avadanlıqlarla təchiz olunur, dispanser qeydiyyatda olan vərəm xəstələrinin hamısı bütün vərəm əleyhinə preparatlarla fasiləsiz olaraq pulsuz təmin olunurlar. Bütün görülən bu tədbirlər vərəmlə yoluxma və xəstələnmə hallarının ilbəil azalmasına səbəb olur. Ancaq bu arxayınlaşmaya səbəb olmamalı, vərəmlə mübarizə daim prioritet olmalıdır.

 

Vərəmin müalicəsinə gəldikdə isə onu qeyd etmək istəyirəm ki, vərəm xəstəliyi tam müalicə olunan xəstəlikdir. Doğrudur vərəm nə qədər erkən aşkar olunsa və fasiləsiz, kompleks müalicə olunarsa sağalma göstəriciləri də bir o qədər yüksək olar. Vərəmin müalicəsi uzunmüddətli olub, ən məhdud vərəm prosesində belə, 6-9 aydan az olmamalıdır. Bəzən xəstələr düzgün müalicə aparıldıqdan qısa müddət sonra xəstəliyin kliniki əlamətləri azaldığına, bəzi hallarda isə vərəm əleyhinə dərmanların əlavə təsirləri olduğuna görə müalicəni yarımçıq dayandırırlar. Təkrarlanan belə hallar ağciyərlərdə geri dönməyən dəyişikliklərin yaranması ilə yanaşı vərəm əleyhinə dərmanlara qarşı rezistentliyin formalaşmasına səbəb olur ki, bu da müalicəni çox çətinləşdirir.

-Hansı əlamətləri vərəmə görə həyəcan siqnalı kimi qəbul edərək mütləq həkimə müraciət etmək, müayinə olunmaq lazımdır?


-Ümumiyyətlə bronx ağciyər aparatının xəstəliklərinin yarıdan çoxunda ilk 6 ayda heç bir əlamət olmur. Əksər hallarda əsas fikir verilən öskürək isə ağciyər xəstəliklərinin bir çoxunda olmaya bilər. Vərəmin əlamətlərinə gəldikdə onu deyə bilərəm ki, vərəm üçün mütləq patoqnomonik əlamət yoxdur. Ancaq vərəm xəstəliyinin olmasına şübhə yaradan nisbi patoqnomonik əlamətlərdən - axşamüstü zəif subfebril hərarətin (37,2-37,4C) olması, ümumi zəiflik və halsızlıq əlamətlərinin qabarıq büruzə verməsi və gecənin ikinci yarısı-səhərə yaxın boyun, ənsə, çiyin nahiyyəsinin tərləməsi əlamətlərinin olmasına xüsusi diqqət yetirilməlidir. Bu əlamətlər olduqda vaxt itirmədən həkim-ftiziatra müraciət edib müayinə olunmaq lazımdır. Bunlardan başqa həm də 3 həftədən çox öskürək, arıqlama olarsa və aparılan qeyri spesifik antibiotikoterapiya effekt vermədikdə ftiziatra müraciət etmək lazımdır.

 

-Vərəmdən qorunmaq üçün hansı profilaktik tədbirlər görmək lazımdır?
 

-Vərəmlə xəstələnməyə görə risk qrupunda olan insanlar olsa da, hər kəs vərəmlə xəstələnə bilər. Əbəs yerə deyildir ki, ftiziatriya sahəsindəki dahi mütəxəssislərdən birinin sözü ilə desək, vərəm elə xəstəlikdir ki, heç vaxt əvvəlcədən öz vizit kartını heç kəsə göndərmir. Buna görə də vərəmlə xəstələnməmək üçün hər kəs profilaktik tədbirlərə əməl etməlidir. Bu tədbirlər içərisində orqanizmin immun qabiliyyətinin möhkəmləndirilməsi üçün görülən tədbirlər - düzgün gün rejimi, normal qidalanma, idmanla məşğul olmaq, siqaret və spirtli içki qəbulundan imtina etməklə yanaşı, ildə bir dəfə vərəmə görə profilaktik müayinədən keçmək (uşaqlarda Mantu sınağı, böyüklərdə isə flüoroqrafiya və ya rentgenoqrafiya) lazımdır.

 

-Lazımi müalicə olunmamış qrip, soyuqdəymə sonradan ağciyərlər üçün hansı fəsadları törədə bilər?


-Tənəffüs sisteminin bütün iltihabi xəstəlikləri erkən, düzgün və tam müalicə olunmazsa bir sira fəsadlara səbəb ola bilər ki, bunlardan da ən çox müşahidə olunanı patoloji prosesin yayılması, residivi, xroniki gedişi və qanhayxırma, tənəffüs çatışmazlığı kimi ağırlaşmaların olmasıdır.

-Bəzən öskürəkdən əziyyət çəkən insanlar həkimə müraciət etmədən özləri antibiotik qəbul edirlər. Bu, orqanizm üçün zərərlidirmi?


-Ümumiyyətlə, nəinki antibiotik, heç bir dərman preparatını həkim-mütəxəssisin təyinatı olmadan qəbul etmək düzgün deyil. Çünki hər bir dərmanın optimal dozası, əlavə təsirləri var. Nizami Gəncəvi söyləmişdir ki, bir inci saflığı olsa da suda, artıq içiləndə dərd verir o, da. Öskürək zamanı istifadə olunan dərmanlara gəldikdə isə, sualınızla bağlı birbaşa onu demək istıyirəm ki, ilk olaraq öskürəyin səbəbi bilinməli və ona qarşı müalicə aparılmalıdır. Bəzi hallarda öskürək zamanı antibiotikin istifadəsi doğru deyil. Məsələn, bronx ağciyər aparatının allergik xəstəliklərində. Antibiotiklərin lazım gəldi-gəlmədi istifadəsi isə immunosupressiya, disbakterioz, o, cümlədən bir sıra orqan və sistemlərə toksiki təsir nəticəsində baş verən əlavə təsirlərin yaranmasına səbəb ola bilər. 


-Azərbaycan Tibb Universitetində ağciyər xəstəliklərinin müayinə və müalicəsi sahəsində hansı yeniliklər, nailiyyətlər var?


-Azərbaycan Tibb Universitetinin bir neçə kafedrasının əməkdaşları ağciyər xəstəliklərinin müayinəsi, konservativ və cərrahi müalicəsi ilə məşğul olur. Müasir tibbi avadanlıqlarla təchiz olunmuş Universitet klinikalarının fəaliyyət göstərməsi tibbin bütün sahələri kimi, ağciyər patologiyaları olan xəstələrə də yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Mən işlədiyim Ağciyər xəstəlikləri kafedrasına gəldikdə isə, digər ağciyər patologiyaları ilə yanaşı əsasən vərəmin müayinə və müalicəsi ilə məşğul olan əməkdaşlarımız elmi tədqiqat işləri aparır, daim öz bilik və bacarıqlarını artırmaq məqsədilə yerli və ölkə xaricində olan elmi praktiki konfranslarda iştirak edir, elmi yenilikləri öyrənərək öz praktiki fəaliyyətlərində tətbiq edirlər.